İran: ABŞ ilə danışıqlarda yalnız iki məsələ müzakirə olunacaq
ABŞ ilə dolayısı danışıqlarda iştirak edən İran nümayəndə heyətinin üzvü, İranın xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib ki, qarşıdan gələn danışıqlarda diqqət yalnız iki əsas mövzuya yönələcək: İranın nüvə proqramı və tətbiq olunmuş sanksiyaların ləğvi.
TodayPress xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Bizə qeyri-nüvə məsələlərini müzakirə etməyə ehtiyac yoxdur” deyə Qəribabadi bildirib.
Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi və ümumilikdə nüvə sənayesinə dair hüququnu qoruyacaq və bu məsələlər heç bir halda danışıqların predmeti ola bilməz.
Diplomat qeyd edib ki, nə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE), nə də Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilənin (NPT) sənədlərində ölkələrə uranı zənginləşdirməyə qadağa qoyulmur:
“Sadəcə qeyd olunur ki, bu texnologiya hərbi məqsədlərlə istifadə edilməməlidir”.
Qaribabadi əlavə edib ki, İran tərəfi qarşılıqlı faydalı, ədalətli və uzunmüddətli razılaşma əldə etməyə hazırdır və bu razılaşma gələcəkdə dəyişən ABŞ administrasiyalarının təsiri altına düşməməlidir:
“Saziş bu gün əldə olunub, sabah pozulmamalıdır. 2015-ci il nüvə razılaşmasından dərs alınmalıdır” deyə o, Tramp administrasiyasının 2018-ci ildə ABŞ-ni Sazişdən birtərəfli qaydada çıxarmasına eyham vuraraq bildirib.
Qiymət Mahir
tag: İran,ABŞ,Müzakirə,Nüvə,Todaypress.az,