İran ABŞ-yə müvəqqəti nüvə razılaşması təklif edə bilər

Dünya

11.04.2025 11:04

13

Tehran ABŞ ilə qarşıdakı danışıqlar zamanı müvəqqəti nüvə razılaşması təklif etməyi planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, İran rəhbərliyi bu addımla Vaşinqtonun hərbi eskalasiya ilə hədələdiyi ssenaridən yayınmağa çalışır.

Prezident Donald Trampın yeni nüvə sazişi üzrə danışıqlar üçün iki aylıq vaxt təyin etməsi fonunda Tehran diplomatik yolun tükənməsini istəmir.

Ağ Ev rəhbəri alternativ plan kimi Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin gücləndirilməsi göstərişi verib.

Mənbələrin məlumatına görə, Tehran hesab edir ki, belə qısa müddətdə mürəkkəb və texniki cəhətdən çətin olan hərtərəfli razılaşmaya nail olmaq mümkün deyil.

Ona görə də İran tərəfi müvəqqəti sazişi “aralıq mərhələ” kimi təqdim etməyə hazırlaşır.

“İranlılar görünür ki, prezident Trampın müəyyən etdiyi vaxt çərçivəsində davamlı razılaşma əldə etməyin real olmadığını düşünürlər. Buna görə də müvəqqəti saziş ideyası əsas razılaşmaya gedən yolda keçid mərhələsi kimi gündəmdədir” deyə Beynəlxalq Böhran Qrupunun İran layihəsinin direktoru Əli Vaez nəşrə bildirib.

Müvəqqəti razılaşma çərçivəsində İranın uranın zənginləşdirilməsi fəaliyyətinin bir hissəsini dayandırması, 60% zənginləşdirilmiş uran ehtiyatlarını seyrəltməsi və BMT müfəttişlərinə obyektlərə daha geniş giriş imkanı verməsi nəzərdə tutulur.

Qərb ekspertləri qeyd edir ki, bu addımlar İranın nüvə silahı istehsalını tam dayandırmasa da, prosesin yavaşlamasına və qarşılıqlı etimadın formalaşmasına kömək edə bilər.

Müzakirə edilən razılaşma həmçinin 2015-ci il nüvə sazişində yer alan “snapback” (sürətli sanksiya bərpası) mexanizminin uzadılmasını da əhatə edə bilər.

Qeyd olunan mexanizmin İranın sazişi pozması halında BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa edən müddəanın müddəti bu ilin oktyabrında başa çatır.

“Axios” qeyd edir ki, Tehran, eyni zamanda, Trampın İran iqtisadiyyatına qarşı “maksimum təzyiq” kampaniyasını dayandırmasını da tələb edə bilər. 

Qiymət Mahir

tag: İran,ABŞ,Razılaşma,NÜvə,Todaypress.az,