İran və ABŞ danışıqları başqa ölkədə keçirilə bilər
İran və ABŞ arasında növbəti dolayısı danışıqlar raundu əvvəlki kimi Oman deyil, başqa bir ölkədə keçirilə bilər.
TodayPress xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.
Diplomatın sözlərinə görə, hazırda danışıqların məkanına dair müzakirələr aparılır:
“Danışıqların Oman ya da başqa ölkədə keçirilməsi məsələsi gündəmdədir. Amma bir şey aydındır – Oman vasitəçilik rolunu davam etdirəcək. Format dəyişməyəcək, danışıqlar qeyri-birbaşa şəkildə və məhz Oman vasitəsilə aparılacaq”.
Xatırladaq ki, ilk danışıqlar mərhələsi bu ayın əvvəlində Oman paytaxtı Müsqətdə baş tutmuşdu. Tərəflər arasında əsas müzakirə mövzusu sanksiyaların yumşaldılması və regional təhlükəsizlik məsələləri olub.
Qiymət Mahir
tag: İran,ABŞ,Danışıq,Oman,todaypress.az,