İsrail və "Hizbullah" atəşkəsi uzatmaq istəyir
"Hizbullah" və İsrail arasında gələn həftə başa çatacaq Livan atəşkəs razılaşmasının uzadılması ehtimalı var.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Livan, İsrail və Fransa rəsmilərinin fikrincə, "Hizbullah" və İsrail noyabrın sonunda yaradılmış atəşkəsin ilkin şərtlərini yerinə yetirmək üçün daha çox vaxta ehtiyac duyurlar və onlar hərbi əməliyyatları bərpa etmək niyyətində deyillər.
Yüksək rütbəli İsrail diplomatının sözlərinə görə, tərəflər münaqişənin yenidən başlanmasının qarşısını almaq üçün yanvarın 27-də başa çatan atəşkəsin uzadılmasını müzakirə edirlər.
İsrail və Livanın diplomatik əlaqələri olmadığı üçün onlar vasitəçilərsiz danışıqlar apara bilmirlər, ona görə də nizamlanmada Livan, İsrail və Fransa nümayəndələri iştirak edirlər.
Agentliyin məlumatına görə, Livanda atəşkəs noyabr ayından qüvvədə olsa da, "Hizbullah" və İsrail bir-birini onun şərtlərini pozmaqda ittiham edir.
Qeyd edək ki, 2024-cü il noyabrın 27-də qüvvəyə minən atəşkəs sazişi BMT sülhməramlılarının dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşdirilməsini və "Hizbullah" silahlı qüvvələrinin Litani çayı üzərindən çıxarılmasını nəzərdə tutur. Öz növbəsində, İsrail 60 gün ərzində quru əməliyyatı apardıqları Livanın cənubundan qoşunlarını çıxarmalıdır.
Töhfə Səməd
tag: Hizbullah,İsrail ,Livan ,Atəşkəs ,Yəhudi ,todaypress.az,