İsrail XİN başçısı: "İranla diplomatik danışıqlara hazırıq"
"İsrail İranın nüvə proqramı ilə bağlı məsələni diplomatik yollarla həll etməyə hazırdır".
TodayPress xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “The Telegraph” qəzetinə müsahibəsində bildirib.
Saar, "The New York Times"ın İsrailin may ayında İrana hücum etməyi planlaşdırdığı barədə xəbərini təkzib edib. Nazir əlavə edib ki, o, təhlükəsizlik kabinetinin və bütün qapalı forumların üzvüdür, ona görə də belə bir qərarın verilmədiyinə əmindir.
"Lakin İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa sadiqdir. Əgər bu məqsədə diplomatik yollarla nail olmaq olarsa, biz buna hazırıq" o deyib.
İsrail Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, İsrail hakimiyyəti İrandakı nüvə silahı ilə bağlı ABŞ və Avropa ilə əlaqə saxlayır.
Töhfə Səməd
tag: İsrail ,İran,Nüvə,Diplomatik,todaypress.az,