İsraildən keçidlərin açılması tələb olunur
Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin Qəzza zolağına humanitar yardım göndərilməsini əngəlləmək qərarından narahatlığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.
Qeyd olunub ki, Qəzzaya humanitar yardımların maneəsiz girişi fələstinlilərin sağ qalması üçün həlledicidir.
Atəşkəsdən sonra humanitar və tibbi xidmətlər əhəmiyyətli dərəcədə artsa da, Fələstin anklavında əhalinin ehtiyacları böyük olaraq qalır və bu, davamlı yardımı zəruri edir.
Təşkilat, İsrailin işğal altında olan fələstinliləri dəstəkləmək və ehtiyaclarını ödəmək üçün hüquqi məsuliyyət daşıdığını qeyd edərək, Rəfah və Beyt Hanun da daxil olmaqla bütün keçidlərin yenidən açılmasını tələb edib.
Xatırladaq ki, yanvarın ortalarında İsrail və HƏMAS Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər. Müqavilənin icrasının birinci mərhələsi martın 1-də başa çatıb və bu mərhələ çərçivəsində 42 gün ərzində Qəzza zolağından 33 girov İsrailə qaytarılıb.
Türkan İsgəndərli
tag: Fələstin , Qızıl Aypara Cəmiyyəti,İsrail,Qəzza,todaypress.az,