İsrailli girovların cəsədləri BQXK-ya təhvil verildi

Dünya

20.02.2025 19:30

1081

Fələstinli silahlı qruplar 4 israilli girovun cəsədini Qəzza zolağının cənubundakı Xan Yunisdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) komandasına təhvil verib. 

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb. 

Bildirilir ki, davam edən atəşkəs razılaşması çərçivəsində həyatını itirən girovlar ilk dəfə vətənə qaytarılıb. Mərasim Bəni Süheyla qəbiristanlığının yaxınlığında HƏMAS-ın silahlı qüvvələri, Əl-Qəssam Briqadaları və digər Fələstin qruplarının iştirak etdiyi hərbi parad zamanı baş tutub. Tabutların qoyulduğu platformanın ətrafında çoxlu sayda maskalı silahlı şəxslərin dayandığı görülüb. 

BQXK komandası gəldikdən sonra Əl-Qəssam Briqadalarının yaraqlısı qara pərdəni qaldıraraq mərhumların şəkilləri ilə bəzədilmiş dörd tabutu ortaya çıxarıb. 

HƏMAS mətbuata açıqlamasında bildirib ki, cəsədlər İsraillə münaqişə zamanı Qəzza zolağında öldürülən Şiri Bibas, onun iki övladı Kfir, Ariel Bibas və Oded Lifşitzə məxsusdur. 

Aysel Mətləb

tag: Fələstin,Silah,İsrail,Qəzza,BQXK,HƏMAS,todaypress.az,