İsveçrə Rusiyaya qarşı sanksiyalar paketinə qoşuldu
İsveçrə Rusiya Federasiyasına qarşı sanksiyaların 16-cı paketi çərçivəsində Avropa İttifaqı (Aİ) tərəfindən əvvəllər təsdiq edilmiş bir sıra məhdudlaşdırıcı tədbirləri qəbul edərək, sanksiyalar siyahısını genişləndirib.
TodayPress xəbər verir ki, bu barədə hökumətin saytında açıqlama verilib.
Bildirilib ki, sanksiyalar paketi saat 22:00-da (Bakı vaxtı ilə 01:00) qüvvəyə minəcək. Ölkədə 35 şirkət və 48 fiziki şəxsin aktivlərinin və daşınmaz əmlakının dondurulacağı dəqiqləşib.
Həmçinin onların İsveçrəyə daxil olması və ya oradan tranzitlə səyahət etməsi də qadağandır. İsveçrə tərəfinin sözlərinə görə, sanksiyalar Rusiya hərbi kompleksinə dəstək verən şəxslərə də şamil edilir. Bundan başqa, üç banka qarşı əməliyyatlara qadağa qoyulub. Çünki onlar SWIFT sisteminə Rusiya alternativindən - Rusiya Federasiyası Mərkəzi Bankının Maliyyə Mesajlaşma Sistemindən (SPFS) istifadə edirlər. Daha 13 Rusiya bankına 2025-ci il martın 17-dən etibarən SWIFT sistemindən istifadə qadağan ediləcək.
İsveçrənin yeni məhdudiyyətləri siyahısına Rusiya Federasiyasının “kölgə donanmasının” bir hissəsi olduğu iddia edilən üçüncü ölkələrin 74 gəmisi də daxildir. Ticarət sahəsində daha 53 təşkilat üçün daha sərt ixrac nəzarəti tətbiq edilir. Xatırladaq ki, fevralın 24-də Aİ Rusiyaya qarşı 16-cı fərdi və iqtisadi sanksiyalar paketini təqdim edib.
Yeni tədbirlərə, xüsusən, ilkin alüminiumun idxalına qadağa qoyulması və Rusiyanın “kölgə donanması”na daxil olduğu iddia edilən 74 gəminin, 48 fiziki və 35 hüquqi şəxsin, eləcə də Qazaxıstan, Çin, BƏƏ və Türkiyədən olan 53 şirkətin qara siyahıya əlavə edilməsi daxildir. Bundan əlavə, bir sıra Rusiya KİV-lərinin Aİ-də yayım lisenziyaları dayandırılıb. Bunlara "Eurasia Daily" xəbər saytı, "News Front" agentliyi, "SouthFront" saytı, "RuBaltic.ru" portalı, "Lenta.ru" onlayn nəşri, "Zvezda" telekanalı və Strateji Mədəniyyət Fondu daxildir.
Töhfə Səməd
tag: İsveçrə,Rusiya,Sanksiya,Paket,Todaypress.az,