İsveçrə Ukraynaya yardımı dayandırdı
İsveçrə parlamentinin Milli Şurası (böyük palata) Kiyevə 4,8 milyard İsveçrə frankı (5,5 milyard dollar) məbləğində əlavə humanitar yardımın ayrılması ilə bağlı iki eyni təklifin əleyhinə səs verib.
TodayPress xəbər verir ki, bu barədə ölkə parlamentinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, 111 şura üzvü təkliflərin əleyhinə, 73 nəfər lehinə, 4 nəfər isə bitərəf qalıb.
Sosial Demokratlar və Yaşıl Liberallar arasından olan təşəbbüskarlar İsveçrənin bir sıra ölkələrə ayırdığı humanitar yardım fondlarından Ukraynaya əlavə vəsaitin ayrılmasını müdafiə ediblər.
Söhbət əlavə 4,8 milyard İsveçrə frankından (5,5 milyard dollar) gedir. Milli Şuranın Xarici Əlaqələr Komitəsi qeyd edib ki, hökumət 2028-ci ilə qədər az inkişaf etmiş ölkələrə yardım göstərmək proqramları çərçivəsində artıq Ukraynaya 1,5 milyard frank (1,7 milyard dollar) kredit ayırıb. Komitənin fikrincə, bu öhdəliklər təklifləri lazımsız edir. İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri İqnazio Kassisin sözlərinə görə, hər iki təklif parlamentə iki il əvvəl daxil olub və o vaxtdan bəri İsveçrə hakimiyyəti artıq Kiyevə xeyli vəsait ayırıb.
Qeyd edək ki, 2024-cü il aprelin 10-da Federal Şura Kiyevə 2036-cı ilə qədər ümumi məbləği 5 milyard frank (5,55 milyard ABŞ dolları) olan maliyyə dəstəyi vermək barədə qərar qəbul edib.
Hökumətin məlumatına görə, konfederasiya artıq Ukraynaya ölkənin bərpası və vətəndaşlarının maraqları naminə həyata keçirilən digər tədbirlər üçün təxminən 3 milyard frank (3,3 milyard dollar) verib.
Xüsusilə, Miqrasiya üzrə Dövlət Katibliyi ukraynalı qaçqınların qəbulu və dəstəklənməsi üçün təxminən 2,5 milyard frank (təxminən 2,8 milyard dollar) ayırıb.
Töhfə Səməd
tag: İsveçrə,Ukrayna,Hərbi,Yardım,Todaypress.az,