Kaliforniya Tramp administrasiyasını məhkəməyə verir
ABŞ-nin ən böyük iqtisadiyyatına sahib olan Kaliforniya ştatının qubernatoru Qavin Nyusom aprelin 15-də verdiyi açıqlamada bildirib ki, ştat prezident Donald Trampın administrasiyasını beynəlxalq ticarət tərəfdaşlarına tətbiq etdiyi "qanunsuz və genişmiqyaslı tariflərə" görə federal hökumətə qarşı məhkəmə iddiası qaldırır.
TodayPress xəbər verir ki, bu barədə "Sinhua" məlumat yayıb.
"Prezident Trampın qanunsuz tarifləri Kaliforniya ailələri, biznesləri və iqtisadiyyatı üçün xaosa səbəb olur – qiymətləri artırır, iş yerlərini təhlükə altına alır. Biz bu xaosun davam etməsinə imkan verməyəcək amerikalı ailələrin tərəfindəyik" deyə Nyusom bəyan edib.
Qubernator sosial platforma "X"də yazdığı paylaşımda qeyd edib ki, Donald Trampın bu dağıdıcı və xaotik tarifləri tətbiq etmək səlahiyyəti yoxdur. Amerika bu vəziyyətdə çox şey itirə bilər.
"Biz onu məhkəməyə veririk” deyə o əlavə edib.
Nyusom vurğulayıb ki, Kaliforniya həm ABŞ-nin ən böyük istehsal ştatıdır, həm də dünyanın ən böyük ticarət tərəfdaşlarından biridir:
“Tramp administrasiyasının birtərəfli şəkildə müasir ABŞ tarixində ən böyük vergi artımını tətbiq etməsi ilə ən çox zərər görəcək ştat məhz Kaliforniyadır”.
O həmçinin bildirib ki, ABŞ-dəki malların 40 faizi Kaliforniyadakı iki liman vasitəsilə daşınır. Bunun təxminən 50 faizi isə birbaşa Çindən gəlir.
Kaliforniya rəsmiləri, ştatın Şimali Kaliforniya üzrə Federal Dairə Məhkəməsində təqdim edəcəyi iddiada Trampın tariflərin tətbiqinə əsas kimi istinad etdiyi “Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı”nın ona bu cür addımlar atmaq üçün hüquqi əsas vermədiyini irəli sürəcəklər.
ABŞ-nin ən çox əhalisinin yaşadığı Kaliforniya tariflər mövzusunda Tramp administrasiyasını məhkəməyə verən ilk ştatdır.
Töhfə Səməd
tag: ABŞ,Tramp,Kaliforniya,Məhkəmə,Todaypress.az,