Kalininqradın enerji sistemi Baltikyanı ölkələrdən ayrıldı

Dünya

08.02.2025 16:13

2645

Rusiya Federasiyasının Kalininqrad vilayətinin enerji sistemi fevralın 8-də müstəqil rejimdə fəaliyyətə başlayıb. Bu, Latviya, Litva və Estoniyanın Rusiya və Belarusla birgə enerji şəbəkəsindən çıxması fonunda baş verib. 

TodayPress xəbər verir ki, məlumatı Rusiya Energetika Nazirliyi yayıb.

Qurumun açıqlamasına görə, Rusiya hakimiyyəti Kalininqrad vilayətinin enerji sisteminin müstəqil işləməsi üçün qabaqcadan tədbirlər görüb. Hazırda vilayətdəki elektrik stansiyalarının ümumi gücü 1,88 GVt təşkil edir ki, bu da bölgənin maksimal enerji tələbatından iki dəfə çoxdur. Göstərici istənilən şəraitdə əhaliyə dayanıqlı enerji təchizatı təmin etməyə imkan verir.

2016-2020-ci illərdə Kalininqrad vilayətində dörd yeni elektrik stansiyası – Mayakovskaya, Tallaxovskaya, Preqolskaya və Primorskaya İES inşa edilib. Həmçinin, enerji şəbəkələrinin tikintisi və modernləşdirilməsi layihələri həyata keçirilib. Son beş il ərzində müstəqil işləmə rejimində aparılan sınaqlar bu keçid üçün texniki hazırlığı təsdiqləyib.

Digər tərəfdən, Litvanın “LRT” televiziya kanalı Baltikyanı ölkələrin Rusiya enerji sistemindən tam ayrıldığını təsdiqləyib. Məlumata görə, Litva, Latviya və Estoniya bir neçə il əvvəl Rusiya və Belarusdan enerji idxalını dayandırsa da, yenə Rusiyanın mərkəzləşdirilmiş IPS/UPS enerji sistemində fəaliyyət göstərirdi.

Bildirilib ki, Litvada əvvəllər Belarusla mövcud olan 11 enerji xəttindən yalnız biri işlək vəziyyətdə idi, Kalininqrad vilayəti ilə olan 6 xəttdən isə 3-ü fəaliyyət göstərirdi. Fevral ayından etibarən bu xətlərin tamamilə sökülməsi gözlənilir.

Qeyd edək ki, Baltikyanı ölkələrin enerji operatorları 2007-ci ildə Avropanın kontinental enerji şəbəkəsinə qoşulmaq üçün müraciət edib.

Qiymət Mahir

tag: Rusiya,Kalininqrad,Elektrik,Baltikyanı ölkələr,todaypress.az,