Kallasın Rusiyaya qarşı ritorikası Aİ-də narazılıq yaratdı

Dünya

26.03.2025 11:22

1948

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas təşkilat daxilində tənqid hədəfinə çevrilib.

TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Kallas hələ vəzifəsinin ilk günündən etibarən sərt bəyanatları ilə narazılıq yaradıb.

O, sosial şəbəkədə “Aİ Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir” yazaraq bəzi Avropa rəsmilərinin etirazına səbəb olub.

Bildirilib ki, bu cür kəskin fikirlər əvvəlcədən razılaşdırılmayıb və ilk gündən bu cür mövqe nümayiş etdirmək qəbulolunmaz hesab edilir.

Kallasın ritorikasını və mövqeyini xüsusilə İspaniya və İtaliya dəstəkləmir – bu ölkələr Rusiya Federasiyasını Aİ üçün əsas təhlükə kimi görmür.

“Politico”ya danışan adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Kallas hələ də özünü sanki Estoniyanın Baş naziri imiş kimi aparır, təkliflərini kollektiv müzakirəyə çıxarmadan irəli sürür və vacib diplomatik məsləhətləşmələri aparmır.

Bundan əvvəl Kallas Aİ daxilində Ukrayna üzrə xüsusi sülh elçisinin təyin olunması təşəbbüsünü də rədd edib. O, qapalı Aİ liderləri görüşündə bu məsələni öz səlahiyyəti çərçivəsində gördüyünü deyib və əlavə nümayəndənin faydasız olacağını bildirib.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyada Kaya Kallasın Rusiyaya qarşı ritorikasına görə barəsində sərt tədbirlər görülməsi təklif olunmuşdu. 

Qiymət Mahir

tag: Avropa İttifaqı,Kaya Kallas,Ukrayna,Rusiya,Narazılıq,Todaypress.az,