Kanada ABŞ-nin yeni tariflərinə qarşı cavab addımları atacaq

Dünya

04.03.2025 11:53

2792

Kanadanın Baş naziri Castin Trüdo ABŞ prezidenti Donald Tramp administrasiyasının Kanadadan idxal olunan mallara gömrük rüsumları tətbiq etməsi halında Ottavanın dərhal cavab verəcəyini bəyan edib. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“Kanada bu əsassız qərarı cavabsız qoymayacaq. Əgər ABŞ-nin tarifləri qüvvəyə minərsə, Kanada ABŞ mallarına 25%-lik rüsum tətbiq edəcək. Bu tariflər ümumi dəyəri 155 milyard dollar olan Amerika məhsullarına şamil olunacaq” deyə Trüdo bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə 30 milyard dollar dəyərində olan mallara rüsum tətbiq ediləcək, qalan 125 milyard dollarlıq məhsullar isə 21 gün ərzində tariflərə cəlb olunacaq.

Castin Trüdo ABŞ-nin bu qərarına heç bir əsas olmadığını vurğulayıb. O qeyd edib ki, Kanadanın gördüyü tədbirlər nəticəsində 2024-cü ilin dekabrından 2025-ci ilin yanvarına qədər ABŞ-yə daxil olan fentanil axını 97% azalıb.

Xatırladaq ki, Tramp Kanada və Meksikadan idxal edilən mallara yeni tariflər tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Vaşinqtonun planına əsasən, martın 4-də Meksika və Kanadadan idxal edilən mallara 25%-lik, Çindən gətirilən mallara isə əlavə 10%-lik rüsum tətbiq olunacaq. ABŞ hakimiyyəti hesab edir ki, Çin, Meksika və Kanada fentanil ticarətinin qarşısını almaq üçün kifayət qədər addım atmır.

Qiymət Mahir

tag: Kanada,Baş nazir,Castin Trüdo,ABŞ,Donald Tramp,todaypress.az,