Kapitalizmin sonu yaxınlaşır? – Sığorta nəhəngindən iqlim xəbərdarlığı

Dünya

04.04.2025 12:00

1940

“İqlim böhranı maliyyə sistemini çökmə nöqtəsinə yaxınlaşdırır və bu, kapitalizmin mövcud formasını yaşanmaz edə bilər”.

TodayPress xəbər verir ki, bu barədə dünyanın ən iri sığorta şirkətlərindən biri olan “Allianz SE”nin idarə heyətinin üzvü Günter Tallinger “The Guardian”a müsahibəsində bildirib.

Ekspertin sözlərinə görə, dünya elə bir temperatur həddinə doğru irəliləyir ki, sığorta şirkətləri iqlimlə bağlı risklərin çoxunu artıq sığortalaya bilməyəcək.  “Sığorta sektoru bəzi bölgələrdə artıq geri çəkilir. Bu isə o deməkdir ki, ipoteka kreditləri, daşınmaz əmlak investisiyaları və digər maliyyə xidmətləri davamlı olmayacaq” deyə Tallinger qeyd edib.

O vurğulayıb ki, hazırkı iqlim siyasəti dünyanı sənaye öncəsi dövrlə müqayisədə 2,2-3,4°C arasında istiləşmə ilə üz-üzə qoyur: “Əgər temperatur 3°C-yə qalxarsa, bu zaman ziyan o qədər böyük olacaq ki, nə hökumətlər xilas paketləri təqdim edə, nə də cəmiyyətlər uyğunlaşa biləcək”. Tallinger bildirib ki, 2023-cü ilə qədər olan onillikdə ekstremal hava şəraitindən dəyən ziyanın 2 trilyon dolları keçdiyi göstərilir.

Avstraliyada isə təbii fəlakətlərdən sonra bərpa xərcləri 2017–2023-cü illər arasında 7 dəfə artıb. Ekspertin sözlərinə görə, “milyardlarla insanın sadəcə uyğunlaşacağı” fikri aldadıcı təsəllidir.

Əgər istiləşmə 3°C-yə çatarsa, bu zaman iqlim risklərini nə sığortalamaq, nə dövlət müdaxiləsi ilə qarşılamaq, nə də uyğunlaşmaq mümkün olacaq. “Bu o deməkdir ki, artıq ipoteka kreditləri verilməyəcək, yeni tikililər olmayacaq, uzunmüddətli investisiyalar və maliyyə sabitliyi itəcək. Bizim tanıdığımız maliyyə sektoru fəaliyyətini dayandıracaq.

Onunla birlikdə kapitalizmin mövcud modeli də yaşanmaz olacaq” deyə Tallinger bildirib. Onun fikrincə, yeganə çıxış yolu  fosil yanacaqların yandırılmasının və atmosferə buraxılan emissiyaların dərhal və ciddi şəkildə azaldılmasıdır. Əks təqdirdə hər cəhd sadəcə “gecikdirici manevr” olacaq. 

Qiymət Mahir

tag: Kapitalizm,İqlim,Xəbərdarlıq,Sığorta,Todaypress.az,