KİV: İsrail Qəzzada atəşkəsdən imtina etdi
İsrail vasitəçilərə Qəzza zolağında atəşkəs tətbiq etməkdən imtina etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
"İsrail hazırda Qəzza zolağında atəşkəsdən imtina etdiyi barədə vasitəçilərə məlumat verib" deyə telekanalın mənbələri iddia edib.
Onların sözlərinə görə, İsrailin Qəzzaya yeni zərbələri fonunda vasitəçilər Fələstinin HƏMAS hərəkatının orada saxladığı bir sıra girovların azad edilməsi müqabilində anklavda dərhal atəşkəsə nail olmağa çalışırlar. Xüsusən də Misir münaqişənin gərginləşməsini dayandırmaq üçün Qətər və ABŞ ilə intensiv məsləhətləşmələr aparır.
“Al Arabiya” mənbələrinin məlumatına görə, Misir tərəfi HƏMAS nümayəndələrinə mövcud vəziyyəti müzakirə etmək üçün Qahirədə görüş keçirməyi təklif edib.
Qeyd edək ki, martın 18-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə kütləvi zərbələr endirdiyini bildirib.
Amerikanın "Axios" portalının jurnalisti Barak Ravidin İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən verdiyi məlumata görə, yəhudi dövləti HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib. “Al Arabiya” telekanalı əlavə edib ki, eskalasiyanın yeni raundunda ölənlərin sayı 400-ü keçib, 1000-dən çox insan yaralanıb.
Töhfə Səməd
tag: İsrail,HƏMAS,Qəzza,Toqquşma,Todaypress.az,