KİV: Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasını dayandıra bilər
Macarıstan Rusiyanın böyük bir qrup şəxs və qurumuna qarşı martın 15-də başa çatacaq sanksiyaların uzadılmasını poza bilər.
TodayPress xəbər verir ki, bu barədə "Euractiv" portalı avropalı diplomatlara istinadən məlumat yayıb.
Diplomatlar Budapeştin bu həftə digər Avropa İttifaqı ölkələrinə qarşı müqavimətini əhəmiyyətli dərəcədə gücləndirəcəyini, sanksiyaların uzadılmasını real olaraq pozmağa çalışacağını gözləyirlər.
Portal qeyd edir ki, Vaşinqtondan ABŞ-nin Rusiyaya qarşı sanksiyalar rejimini yumşaltmaq imkanını nəzərdən keçirdiyinə dair siqnalları nəzərə alaraq, Macarıstan da daha qətiyyətli davrana və Aİ-dən özü üçün daha böyük faydalar tələb edə bilər.
Budapeşt daha əvvəl bəyan etmişdi ki, səkkiz şəxsin sanksiya siyahısından çıxarılmasına nail olmaq və Ukrayna ərazisindən qaz tranzitinin bərpası məsələsində güzəştlər əldə etmək niyyətindədir.
Bu həftə 27 üzv dövlətin hamısından yekdil qərar qəbul etməli olan Aİ nümayəndələrinin Rusiyaya qarşı sanksiyaları uzatmaq üçün üç cəhdi olacaq - martın 10-u, 12-si və 13-ü. Nəşr diqqətə çatdırır ki, Macarıstanla danışıqlarda vəziyyət dalana dirənərsə, sanksiyalar siyahısı başa çata bilər.
Töhfə Səməd
tag: Macarıstan,Rusiya,Sanksiya,Etiraz,Todaypress.az,