Kiyev Trampa qarşı mövqe sərgiləyir: ABŞ-nin “kompensasiya” tələbi razı salmadı

Dünya

08.04.2025 18:24

16

Ukrayna hakimiyyəti həftəsonu Vaşinqtona nümayəndə heyəti göndərəcək. Səfərin məqsədi ABŞ ilə faydalı qazıntıların işlənməsi üzrə sazişə dair danışıqlar aparmaqdır. Amma ilkin mərhələdə nadir torpaq elementlərinin ixracına dair təklif kimi başlayan təşəbbüs indi Donald Tramp administrasiyasının müharibə dövründə göstərilən yardımın tam kompensasiyasını tələb etdiyi bir siyasi mübahisəyə çevrilib.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazıb. 

Məlumata görə, aprelin 11-12-də baş tutacaq səfərdə Ukraynanın iqtisadiyyat və ədliyyə nazirliklərinin rəhbər müavinləri yer alacaq.

Danışıqlar daha çox texniki məsləhətləşmələr xarakteri daşıdığı üçün siyasi elitanın iştirakı nəzərdə tutulmayıb.

Kiyev danışıqlarda iştirak etmək üçün beynəlxalq hüquq şirkətini də cəlb edib. Tramp daha əvvəl bu sazişin yaxın zamanda imzalanacağını bildirmiş və martın sonunda prezident Volodimir Zelenskini razılıq vermədiyi təqdirdə “çox böyük problemlərlə” hədələmişdi.

Lakin ABŞ-nin son təklif variantı Kiyevi qane etməyib. Çünki bu plan Ukraynanın yeni infrastruktur və təbii sərvət layihələrindən əldə olunan gəlirin yarısını ABŞ-yə verməsini nəzərdə tutur. Üstəlik, Ukrayna həmin layihələr üzərində nəzarət imkanını da itirmiş olacaq, Vaşinqtonun razılığı olmadan qərar verə bilməyəcəkdi.

Kiyevdə hesab edirlər ki, bu cür şərtlər ölkənin Avropa İttifaqına üzvlük perspektivlərinə də ciddi zərbə vura bilər. Sazişin hazırkı forması ABŞ-nin müharibə dövründə verdiyi hərbi və iqtisadi yardımın tam ödənilməsini nəzərdə tutur.

Amma prezident Zelenskinin sözlərinə görə, bu yardım borc kimi verilməyib və o, bunu rəsmən belə tanımağa hazırlaşmır. Ukrayna hökuməti hazırkı danışıqlarda saziş şərtlərini yüngülləşdirməyə və eyni zamanda ABŞ-dən bərpa infrastrukturuna daha çox investisiya öhdəliyinin daxil edilməsinə nail olmağa ümid edir. 

Qiymət Mahir

tag: Ukrayna,Kiyev,ABŞ,Tramp,Todaypress.az,