Kreml Aİ-nin hərbiləşdirmə planları ilə bağlı xəbərdarlıq etdi

Dünya

07.03.2025 16:56

1007

Kreml bəyan edib ki, onlar Avropa İttifaqının (Aİ) hərbiləşdirilməsi planları ilə bağlı potensial təhlükə görürlər. Buna görə də cavab tədbirləri görməyə məcbur olacaqlar.   

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.   

“Bütün bu hərbiləşdirmə addımları əsasən Rusiyaya qarşı baş verir və bu, bizim üçün dərin narahatlıq doğurur. Buna görə də təhlükəsizliyimizi təmin etmək üçün müvafiq əks tədbirlərin görülməsi zərurəti də yarana bilər” deyə mətbuat katibi bildirib.   

Peskov Aİ-nin iqtisadi ittifaqdan hərbi müttəfiqliyə çevrilmək planları ilə Ukrayna münaqişəsinin nizamlanması perspektivləri arasındakı dissonansdan da danışıb: 

“Hazırda Brüsseldə və Avropa paytaxtlarında gördüyümüz bu cür qarşıdurma ritorikası və planları, əlbəttə ki, Ukrayna ətrafındakı vəziyyəti sülh yolu ilə həll etmək yollarını tapmaq məsələsinə ciddi şəkildə ziddir”.   

Xatırladaq ki, Aİ-nin dövlət başçıları martın 6-da Brüsseldə Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə “Yenidən silahlanma” planı ilə bağlı razılığa gəliblər.   

“Avropanın yenidən silahlanması” layihəsini Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen martın 4-də Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırdığını elan etməsindən dərhal sonra təqdim edib. Sənədin əsas ideyası ondan ibarətdir ki, Avropa NATO və ABŞ-yə güvənməkdənsə, öz təhlükəsizliyi üçün məsuliyyət daşımalıdır.   

Aysel Mətləb

tag: Ukrayna,Peskov,Tramp, Ukrayna, ABŞ, Sülh, Münaqişə, todaypress.az,