Le Penin varisi prezidentliyə namizəd olacaq
Fransa Milli Ralli Partiyasının lideri Jordan Bardella 2027-ci ildə keçiriləcək prezident seçkilərində Marin Le Penin iştirakına qadağa qoyulacağı təqdirdə, namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə “Le Parisien” qəzetinə müsahibəsində danışıb.
Qeyd edək ki, Jordan Bardella daha əvvəl prezidentliyə namizəd olub-olmaması ilə bağlı suallardan yayınırdı.
Onun bu çıxışı isə partiya daxilində liderlik mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Xatırladaq ki, 31 mart 2025-ci il tarixində Paris məhkəməsi Marin Le Pen və Milli Ralli partiyasının səkkiz deputatını parlament köməkçilərinin işi ilə bağlı təqsirli bilib. Le Pen dörd il müddətinə azadlıqdan məhrum edilib, bunun iki ili real cəza kimi müəyyən olunub. Bundan əlavə, siyasətçiyə beş il müddətinə dövlət vəzifələrində işləmək qadağan edilib.
Əgər hökm 2027-ci ilədək ləğv olunmazsa, Marin Le Pen prezident seçkilərində iştirak edə bilməyəcək. Bu isə sağçı elektoratın gözündə Jordan Bardellanın əsas alternativ lider kimi önə çıxmasına səbəb ola bilər.
Türkan İsgəndərli
tag: Le Pen,Fransa,Varis,Prezident,todaypress.az,