"LNG" ehtiyatları 30%-ə qədər azalacaq
Rusiyadan Ukrayna üzərindən Avropa İttifaqına (Aİ) qaz tranzitinin dayandırılması aprel ayına qədər Avropanın qaz anbarlarındakı ehtiyatları 30-35%-ə qədər azaldacaq.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bu vəziyyət Avropa ölkələrini seçim qarşısında qoyacaq. Onlar ya cəmiyyətin enerji təhlükəsizliyini təmin etmək üçün xərcləri əhəmiyyətli dərəcədə artırmalı, ya da ehtiyatların tükənmək təhlükəsi ilə üzləşməsini qəbul etməli olacaqlar.
Aİ qanunvericiliyinə görə, anbarlar noyabrın 1-dək 90% dolu olmalıdır. Bu məqsədə nail olmaq üçün Aİ 725-750 TVt/saat ekvivalent həcmdə qaz almağa məcbur olacaq.
Nəşr qeyd edir ki, ölkələr yanacağı adətən yayda, qiyməti mövsümi olaraq azaldığı vaxtda alıb qış üçün saxlayırlar. Lakin tələbatın artması fonunda bazarın bu il qeyri-adi reaksiya verməsi ehtimal olunur ki, bu da yayda qaz qiymətlərinin artmasına səbəb olacaq.
Hesablamalar göstərir ki, yanvarda Avropanın yeraltı anbarlarından qaz çıxarılması son 4 ildə rekord həddə çatıb. Belə ki, soyuq hava və Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması səbəbindən tarixdə bir ay ərzində üçüncü ən yüksək göstərici olub. Aİ-də ümumi yığılmış qaz ehtiyatları yanvarın sonunda 54%-dən aşağı düşüb. Eyni zamanda, terminallardan Avropa qaz nəqli sisteminə "LNG" tədarükü 2024-cü ilin dekabr ayı ilə müqayisədə bir qədər azalıb.
Töhfə Səməd
tag: Rusiya,Ukrayna,Aİ,LNG,Avropa ,todaypress.az,