Macarıstan Brüsselin enerji planına qarşıdır
"Macarıstan Avropa Komissiyasının Rusiya enerji daşıyıcılarından imtina etməyə yönəlmiş planını dəstəkləməyəcək. Lakin qərar konsensusla deyil, səs çoxluğu ilə qəbul olunarsa, Budapeşt onun qarşısını ala bilməyəcək".
TodayPress xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiostansiyasına verdiyi açıqlamada bildirib.
Orbanın sözlərinə görə, Brüssel qaz, neft və nüvə yanacağı da daxil olmaqla, Rusiya enerji resurslarının idxalını yaxın illərdə tamamilə dayandırmağı planlaşdırır.
“Onlar bu qərarı səs çoxluğu ilə qəbul edə bilərlər” deyə Baş nazir bildirib.
Macarıstan rəhbəri hesab edir ki, bu təşəbbüs birbaşa Macarıstana qarşı yönəlib. O, Macarıstanın Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləmədiyini xatırladaraq, bu mövqeyin birliyin əksər üzvlərinin mövqeyi ilə üst-üstə düşmədiyini deyib.
Orban xəbərdarlıq edib ki, Rusiyadan enerji idxalına qoyulan qadağalar Macarıstan ailələrinin büdcəsinə ciddi zərbə vura bilər:
“Əgər enerji qiymətləri rus qazına qoyulan qadağa səbəbilə artarsa, Macarıstan hər il bu sahəyə əvvəlkindən 800 milyard forint (2 milyard avro) daha çox xərcləmək məcburiyyətində qalacaq” deyə o vurğulayıb.
Bununla yanaşı, Viktor Orban Aİ daxilində Macarıstanın mövqeyini bölüşən digər ölkələrin də olduğunu bildirib. O, Slovakiyanın Baş naziri Robert Fitsonun Avropa Komissiyasının təklifini “Avropanın iqtisadi intiharı” adlandırdığını xatırladıb.
Orbanın proqnozuna görə, yaxın aylarda Aİ-də bu məsələ ətrafında ciddi müzakirələr və mübarizə aparılacaq.
Töhfə Səməd
tag: Macarıstan ,Avropa Komissiyası,Rusiya ,Budapeşt ,todaypress.az,