Makron ABŞ-yə səfər edəcək

Dünya

20.02.2025 20:00

1312

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Tramp ilə Ukrayna məsələsi və ABŞ-nin tarif siyasətini müzakirə etmək üçün Birləşmiş Ştatlara gedəcək. 

TodayPress Fransanın “LCI” telekanalına istinadən xəbər verir ki, Makron artıq bu həftə Trampla iki dəfə Ukrayna ilə bağlı danışıb. 

"Bizim yanaşmamız bu danışıqlarda avropalıların səsinin eşidilməsini təmin etmək üçün ABŞ prezidenti ilə dialoqu davam etdirməkdir" deyə o bildirib. 

Makronun Trampa “Ukraynanın gələcəyini ukraynalılarsız həll etmək mümkün deyil, Avropanın gələcəyini və təhlükəsizliyini isə avropalılarsız müzakirə etmək və qərar vermək də həmçinin” deyəcəyi gözlənilir. 

“LCI” vurğulayıb ki, Avropa Ukraynaya ABŞ-dən daha çox töhfə verib və buna görə də prosesdə söz sahibi olmalıdır. 

Üstəlik, Makron Trampın Avropa məhsullarına tətbiq etməyi planlaşdırdığı tariflərə də toxunacaq. "Ticarət müharibəsi, proteksionizm heç kimin marağında deyil" deyə bildirilib. 

Xatırladaq ki, bu həftə Makron Ukrayna ilə bağlı ümumi mövqeyi koordinasiya etmək üçün iki dəfə avropalı və qeyri-avropalı tərəfdaşları qəbul edib. Hər iki görüş istənilən sülh danışıqlarına həm Ukrayna, həm də Avropanın daxil olması mövqeyi ilə yekunlaşıb. 

Aysel Mətləb

tag: Fransa ,Emmanuel Makron,Donald Tramp,ABŞ,Ukrayna ,todaypress.az,