Makron Aİ-nin müdafiə xərclərini artırmağı təklif etdi
Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqına (Aİ) üzv dövlətlərə müdafiə xərclərini Aİ-nin ümumi daxili məhsulunun (ÜDM) 3-3,5 faizinə qədər artırmağı təklif edib.
TodayPress xəbər verir ki, Makron bu barədə Londonda keçirilən müdafiə sammitində iştirak etdikdən sonra Fransanın “Le Figaro” qəzetinə danışan zaman bildirib.
Fransa lideri deyib ki, Aİ-yə üzv dövlətlər Avropanın təhlükəsizliyini təmin etmək üçün müdafiəyə “ağır” sərmayə qoymalıdırlar.
Fransa prezidenti müştərək kreditlər və ya Avropa Sabitlik Mexanizmi vasitəsi ilə əhəmiyyətli məbləğlərin birgə artırılmasını təklif edib. "Başlamaq üçün yəqin ki, ilkin olaraq 200 milyard avroya (208 milyard ABŞ dolları) ehtiyacımız var" deyə o bildirib.
Avropa Şurasının dərc etdiyi statistik məlumatlara görə, 2024-cü ildə Aİ-yə üzv ölkələrin ümumi müdafiə xərcləri təxminən 326 milyard avroya (338 milyard ABŞ dolları) çatıb ki, bu da Aİ-nin ÜDM-sinin təxminən 1,9 faizini təşkil edir.
Ukrayna ilə bağlı Makon "Le Figaro"ya deyib ki, o, amerikalılar və ruslar tərəfindən imzalanan mümkün atəşkəsə inanmır.
O, Böyük Britaniyanın baş naziri Kir Starmer ilə birlikdə Ukraynada bir aylıq "atəşkəs" təklif etdiyini bildirib.
Makron bir daha vurğulayıb ki, Avropa qoşunları Ukraynaya yalnız sülh bərqərar olduqdan sonra yerləşdiriləcək.
Töhfə Səməd
tag: Makron,Avropa,Hərbi Sənaye,Büdcə,Todaypress.az,