Mask “OpenAI”ı almaq üçün 97,4 milyard dollarlıq təklif verdi
Amerikalı milyarder İlon Mask və bir qrup investor süni intellekt sahəsində fəaliyyət göstərən “OpenAI”ı 97,4 milyard dollara almaq üçün təklif irəli sürüb.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Nəşrə görə, əgər bu razılaşma baş tutarsa, süni intellekt sənayesinin gələcəyinə ciddi təsir göstərə bilər.
İlon Maskın bu addımı “OpenAI”ın icraçı direktoru Sem Altmanla davam edən münaqişə fonunda atılıb. Mask daha əvvəl şirkətə qarşı bir neçə məhkəmə iddiası qaldırıb və “OpenAI”ın qeyri-kommersiya məqsədlərindən uzaqlaşaraq mənfəətə yönəldiyini iddia edib.
Şirkət rəsmi olaraq qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərsə də, əslində “OpenAI LP” adlı kommersiya quruluşu vasitəsilə idarə olunur. Son illərdə sürətlə böyüyən şirkətin bazar dəyəri təxminən 100 milyard dollara çatıb. “Wall Street Journal”ın məlumatına görə, əgər Maskın təklifi qəbul edilsə, şirkətin nəzarət paketini əldə edəcək və bu, onun “xAI” şirkətinin süni intellekt bazarındakı mövqeyini daha da gücləndirə bilər.
İlon Maskın nümayəndələri hesab edirlər ki, OpenAI öz əsas prinsiplərinə, yəni açıq kod və təhlükəsizliyə qayıtmalıdır. Onun tərəfdarları şirkətin ilkin missiyasına sadiq qalmasının vacib olduğunu vurğulayır.
Sem Altman isə Maskın təklifinə sosial şəbəkə vasitəsilə istehzalı cavab verib:
“Xeyr, təşəkkürlər, amma əgər istəsəniz, biz də “X”i 9,74 milyard dollara ala bilərik.”
Qiymət Mahir
tag: Dünya,AI,İlon Mask,Süni intellekt,todaypress.az,