Maskın hesabat tələbi ABŞ dövlət qurumlarını iflic etdi

Dünya

25.02.2025 17:30

1759

ABŞ hökumətinin fəaliyyətinin effektivliyini artırmaq üçün yaradılan DOGE agentliyinin rəhbəri İlon Maskın dövlət qulluqçularından həftəlik hesabat tələb etməsi federal qurumların fəaliyyətini iflic edib. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Mask daha əvvəl ABŞ dövlət qulluqçularına e-poçt göndərərək, onlardan həftə ərzində gördükləri işlər barədə hesabat təqdim etmələrini tələb edib.

O, cavab verməyənlərin avtomatik olaraq istefa verməyə razı olduqlarının qəbul ediləcəyini bildirib. Bəzi dövlət qurumlarının əməkdaşları bu məktubları fevralın 22-də alıb.

Onlardan 2 gün ərzində beş əsas məqamı əhatə edən hesabat təqdim etmələri istənilib. Məmurların sözlərinə görə, onlar Maskın məktubuna cavab verməli olub-olmadıqlarını anlaya bilməyiblər.

Bəzilərinə göstərişi yerinə yetirmək tapşırılıb, digərlərinə isə buna məhəl qoymamaq tövsiyə edilib.

Üçüncü qrup isə günün sonuna qədər rəhbərlərinin göstərişlərini gözləyib.

“Rəhbərimiz dedi ki, bu, məcburidir. Sonra Kadr Xidməti bunun könüllü olduğunu bildirdi. Daha sonra isə görünür, ABŞ prezidenti Donald Tramp yenidən bunun məcburi olduğunu deyib. Heç kim bilmir ki, kim əsas rəhbərdir və kimə qulaq asmalıyıq” deyə ABŞ Veteranlar İşləri Nazirliyinin əməkdaşı bildirib. 

Qiymət Mahir

tag: Mask,DOGE,Hesabat,İflic,Todaypress.az,