Məhkəmə “Signal” yazışmalarını saxlamağı əmr etdi
ABŞ-nin Kolumbiya dairəsinin federal məhkəməsi Vaşinqton administrasiyasına Yəməndəki hücumlarla bağlı məlumat sızmasına dair “Signal” messencerindəki bütün yazışmaların saxlanmasını əmr edib.
TodayPress xəbər verir ki, məhkəmə qərarında ABŞ prezidenti Donald Trampın administrasiyası cavabdeh tərəf kimi göstərilir və ondan 11–15 mart tarixləri arasında aparılmış “Signal” yazışmalarını dərhal qorumaq üçün bütün mümkün tədbirləri görməsi tələb olunur.
Qeyd olunan qərar həmin iş üzrə keçirilmiş ilk məhkəmə dinləməsindən sonra verilib.
Sözügedən iddia ABŞ hökumətinin fəaliyyətində şəffaflıq və hesabatlılıq tələb edən “American Oversight” adlı qeyri-hökumət təşkilatı tərəfindən martın 25-də qaldırılıb.
İddiada bildirilir ki, dövlət rəsmilərinin vacib məsələləri “Signal” kimi mesajların silinməsi mümkün olan platformalarda müzakirə etməsi məlumatların saxlanılmasını tələb edən qanunvericiliyə ziddir.
Təşkilat belə təcrübənin qanunsuz hesab edilməsini tələb edir. Qeyd edək ki, daha əvvəl “Signal” messencerində Yəməndəki “Ənsar Allah” hərəkatına qarşı hava zərbələrinin müzakirə edildiyi qrupda baş redaktor Ceffri Qoldberqin səhvən əlavə olunması Vaşinqtonda qalmaqala səbəb olmuşdu.
Qoldberq sonradan baş verənlərlə bağlı məqalə yazmışdı. Tramp administrasiyasının siyasi rəqibləri isə Milli Təhlükəsizlik üzrə müşavir Mayk Uoltsı məxfi məlumatlarla qeyri-düzgün rəftar etməkdə ittiham etmişdilər. Bildirilir ki, həmin qrupun yaradılmasına məhz Uolts cavabdeh olub.
Qiymət Mahir
tag: ABŞ,Sİgnal,Məhkəmə,Məxfi,Məlumat,Sızıntı,Todaypress.az,