Meksikada süni intellektlə körpə doğuldu

Dünya

21.04.2025 08:00

14

Meksikada ilk dəfə tamamilə avtomatlaşdırılmış ICSI (intrasitoplazmatik sperma inyeksiyası) texnologiyası ilə dünyaya uşaq gəlib. 

TodayPress xəbər verir ki, bu barədə məlumat “Reproductive Biomedicine Online” elmi jurnalında yer alıb.

Bu, dünya tibb tarixində unikal presedent kimi qiymətləndirilir.

Ənənəvi olaraq, 1990-cı illərdən istifadə edilən ICSI metodunda embrioloq mikroskop altında spermanı yumurtaya manuel şəkildə yeridir. Yeni eksperimentdə isə biomaterialın seçilməsindən tutmuş mayalanmaya qədər bütün proseslər süni intellektlə işləyən robot sistem tərəfindən tam avtomatik şəkildə həyata keçirilib.

Texnologiyanın işlənib hazırlanmasında ABŞ və Meksikadan olan mütəxəssislərin iştirakı ilə Conceivable Life Sciences beynəlxalq komandası iştirak edib. Proses zamanı 40 yaşlı qadına donor yumurtaları köçürülüb və ilk embrion transferindən sonra uğurla hamiləlik baş verib.

Süni intellekt sisteminin imkanları sayəsində spermatozoidlərin hərəkətliliyi analiz edilib, lazerlə immobilizasiya aparılıb və hüceyrələrin bütövlüyü real vaxt rejimində izlənilib. Bu, mayalanma prosesində zərərin minimuma endirilməsinə və dəqiqliyin artırılmasına şərait yaradıb.

Avtomatlaşdırılmış sistem klasik ICSI-nin 23 mərhələsinin hamısını yerinə yetirib – bəziləri real vaxtda süni intellektin idarəsi ilə, digərləri isə uzaqdan nəzarətlə baş tutub. Sağlam bir oğlan uşağının doğulması isə bu texnologiyanın təhlükəsizliyini və effektivliyini sübut edən əsas nəticə olub.

Mütəxəssislər hesab edirlər ki, bu uğur gələcəkdə sonsuzluq müalicəsində süni intellekt və robot texnologiyalarının daha geniş tətbiqi üçün yeni bir səhifə açır.

Qiymət Mahir

tag: Meksika,Körpə,Süni intellekt,Dünya,todaypress.az,