Misir Fələstin məsələsi ilə bağlı sammitə ev sahibliyi edəcək

Dünya

10.02.2025 19:30

1512

Misir Fələstin məsələsi və Qəzza zolağı ilə bağlı son hadisələri müzakirə etmək üçün Qahirənin fevralın 27-də fövqəladə ərəb sammitinə ev sahibliyi edəcəyini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. 

Açıqlamada sammitin keçirilməsinə dair qərarın Misirlə ərəb ölkələri, xüsusilə də sammitin keçirilməsini tələb edən Fələstin arasında yüksək səviyyəli məsləhətləşmələrdən və Ərəb Dövlətləri Liqasının (ƏDL) Zirvə Toplantısının hazırkı sədri Bəhreyn və ƏDL katibliyi ilə koordinasiyadan sonra verildiyi bildirilib.

Qeyd edək ki, bu açıqlama ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan qonşu ölkələrə, o cümlədən Misir və İordaniyaya köçürülməsi təklifindən sonra verilib. Təklif həm regional, həm də beynəlxalq səviyyədə geniş şəkildə rədd edilib.

Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı bəyan edib ki, ABŞ Fələstin sakinlərini köçürdükdən sonra Qəzzaya nəzarəti öz üzərinə götürməyi və onu yenidən inkişaf etdirməyi planlaşdırır.

Xatıradaq ki, Tramp daha əvvəl də Misir və İordaniyanın açıq şəkildə rədd etdiyi oxşar təkliflər irəli sürmüş və fələstinlilərin hər hansı məcburi köçkünə qarşı olduqlarını təsdiqləmişdi.

Aysel Mətləb

tag: Misir ,Fələstin ,Qəzza ,ABŞ ,Donald Tramp,todaypress.az,