Misirdə firon II Ramzesin ən qədim məbədinin bərpasına başlanıldı
Misirdə arxeoloqlar firon II Ramzesin ən qədim məbədi sayılan “Ramesseum”un bərpasına başlayıblar.
TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Misirin Turizm və Qədim Abidələr Nazirliyi açıqlayıb ki, yeni il ərzində Luksor vilayətində yerləşən məbəddə genişmiqyaslı bərpa işləri aparılacaq.
Tarixi mənbələrə görə, II Ramzes e.ə. 1303-cü ildə doğulub, e.ə. 1213-cü ildə vəfat edib.
Nazirliyin məlumatına əsasən, bərpa prosesi Cənubi Koreyanın Milli Mədəni İrs Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Misirli rəsmilərin sözlərinə görə, II Ramzes bu məbədi günəş tanrısı Amon-Ranın şərəfinə inşa etdirib.
E.ə. 27-ci ildə baş vermiş zəlzələ nəticəsində “Ramesseum”un böyük hissəsi dağılıb. Lakin Misirin Turizm Nazirliyi bildirib ki, qədim tikilinin qalıqları məbədin möhtəşəmliyini və II Ramzesin Misir fironları arasında xüsusi yerini əks etdirdiyini göstərir.
Bərpa layihəsi məbədin tikinti texnologiyalarını öyrənmək, üzərindəki yazıları analiz etmək və digər qədim məbədlərdəki yazılarla müqayisə aparmaq məqsədi daşıyır.
Qeyd edək ki, II Ramzesin adı ötən ilin sentyabrında yenidən gündəmə gəlmişdi. Həmin vaxt arxeoloqlar onun ordusuna aid qədim bir qılınc aşkarlamışdılar.
Qiymət Mahir
tag: Misir,ll Ramzes,Firon,Məbəd,Todaypress.az,