MK: Moskva Ukraynaya qarşı genişmiqyaslı zərbələrə hazırlaşır

Dünya

05.04.2025 14:20

1335

Ukraynanın artan hərbi fəallığı fonunda Rusiya yaxın günlərdə genişmiqyaslı cavab zərbələri endirə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Moskovskiy Komsomolets” (MK) nəşri məlumatlı mənbələrə istinadla yazıb.

Mənbələrin sözlərinə görə, prezident Vladimir Putin müdafiə naziri Andrey Belousova Ukrayna ərazisində cavab tədbirlərinin hazırlanması ilə bağlı göstəriş verib.

Hücumun əsas hədəfləri enerji infrastrukturu və logistik mərkəzlər olacaq.

Zərbələrdə qanadlı və ballistik raketlər, hipersəs texnologiyaları və dronlardan istifadə nəzərdə tutulur.

Həmçinin iddia olunur ki, Moskva enerji sahəsindəki müvəqqəti atəşkəs razılaşmasından çıxmağı nəzərdən keçirir və bu qərar barədə ABŞ tərəfinə yaxın günlərdə rəsmi məlumat verilə bilər.

Vaşinqtonun Kiyevə təsir edə bilməyəcəyi təqdirdə, Rusiya 5 və ya 6 aprel tarixindən bu mexanizmdə iştirakını dayandıra bilər.

Nəşr yazır ki, paralel olaraq Ukraynanın siyasi və hərbi rəhbərliyinə qarşı hədəfli əməliyyatlar da planlaşdırılır.

Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatlara rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gecədə ölkənin müxtəlif bölgələri üzərində 49 Ukrayna dronunu məhv edib. 

Qiymət Mahir

tag: Ukrayna,Rusiya,Münaqişə,Zərbə,Todaypress.az,