NASA və “SpaceX” yeni astronavtları kosmosa göndərdi
NASA və “SpaceX” martın 14-də Beynəlxalq Kosmik Stansiyaya (ISS) yeni beynəlxalq ekipajlı missiyanı uğurla göndərib. “Crew-10” adlanan bu missiya, ötən ilin iyun ayından ISS-də qalan iki NASA astronavtını Yerə qaytarmaq üçün həyata keçirilir.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, “Falcon 9” raketi NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən yerli vaxtla 19:03-də havaya qalxıb.
Təxminən iki dəqiqə yarım sonra “SpaceX” raketin birinci pilləsinin ayrıldığını və uğurla eniş etdiyini təsdiqləyib.
NASA-nın məlumatına görə, kosmik gəmi ISS-ə təxminən 28,5 saat ərzində çatacaq və martın 15-də 23:30-da avtomatik dok ediləcək.
“Crew-10” missiyası çərçivəsində NASA astronavtları Enn MakKleyn və Nikol Ayers, Yaponiyanın aerokosmik agentliyindən (JAXA) Taküya Onişi və Rusiyanın “Roscosmos” agentliyindən Kirill Peskov ISS-ə göndərilib.
“Crew-10”un əsas vəzifələri arasında kosmik materialların alışqanlıq testləri, ISS radiosu vasitəsilə tələbələrlə ünsiyyət, alternativ Ay naviqasiya sisteminin sınağı və insan bədənində baş verən fizioloji və psixoloji dəyişikliklərin izlənilməsi yer alır.
“Crew-10” gəlib çatdıqdan sonra “Crew-9” missiyasının üzvləri – NASA astronavtları Nik Heyq, Suni Uilyams, Butç Uilmore və Roskosmos kosmonavtı Aleksandr Qorbunov Yerə qayıdacaq.
Qeyd edək ki, Suni Uilyams və Butç Uilmore ötən ilin iyun ayından bəri ISS-də qalıb. Onlar əslində 8 günlük missiya üçün göndərilmişdi, lakin “Boeing Starliner” kosmik gəmisində aşkar edilən helyum sızmaları və mühərrik problemləri səbəbindən NASA onların gəmi ilə Yerə qayıtmasını təhlükəli hesab edib.
Starliner özü keçən ilin sentyabrında Yerə qayıtsa da, iki astronavt ISS-də qalmaq məcburiyyətində qalıb.
Qiymət Mahir
tag: NASA,SpaceX, ABŞ , Uçuş, todaypress.az,