NATO-da inamsızlıq böhranı dərinləşir
NATO daxilində inamsızlıq böhranı ABŞ prezidenti Donald Trampın siyasəti səbəbindən daha da güclənir.
TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb.
Bildirilib ki, alyans daxilində kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı problemlər daha kəskin hal alıb.
Nəşrin yazdığına görə, NATO-da gərginlik əvvəllər də mövcud olub, xüsusilə Qərbi Avropa ölkələri ilə Şərqi Avropanın yeni üzvləri arasında. Lakin Ukrayna münaqişəsi başladıqdan sonra vəziyyət daha da pisləşib.
Macarıstan və Slovakiya kimi Rusiya mövqeyində olan ölkələr artıq etibarsız tərəfdaş kimi qəbul edilir. Bu barədə NATO və təhlükəsizlik xidmətlərinin səkkiz keçmiş və hazırkı əməkdaşı anonim olaraq məlumat verib.
Məqalədə qeyd olunub ki, Trampın siyasətinin Rusiyaya yönəlmiş kursu NATO daxilində ciddi narahatlıq doğurur. Beş yüksəkvəzifəli rəsmiyə görə, alyans üzvləri artıq Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsinin məqsədəuyğunluğunu şübhə altına alırlar.
Bu narahatlıqlar ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşımını müvəqqəti dayandırması xəbərlərindən sonra daha da artıb. Vaşinqton bu addımı Kiyevi Rusiya ilə sülh danışıqlarına sövq etmək üçün atıb.
NATO-nun keçmiş baş katibinin müavini Culi Smit bildirib ki, alyans daxilində kəşfiyyat mübadiləsinin gələcəyi ilə bağlı çoxlu şayiələr dolaşır.
Onun sözlərinə görə, bəzi müttəfiqlər Vaşinqtonun informasiya paylaşmaqda nə dərəcədə maraqlı olduğuna dair ciddi narahatlıqlar bildirirlər.
Kanada kəşfiyyatının keçmiş əməkdaşı Daniyel Stenton isə vurğulayıb ki, NATO daxilində ortaq düşmən anlayışı getdikcə zəifləyir və bu da üzv ölkələr arasında əməkdaşlığı çətinləşdirir.
Hələlik ABŞ-nin siyasətindəki dəyişikliklər NATO-nun kəşfiyyat sisteminə ciddi təsir göstərməsə də, rəsmilər bunun yaxın gələcəkdə mümkün ola biləcəyini istisna etmirlər.
Qiymət Mahir
tag: NATO,Macarıstan,Slovakiya,Rusiya,Ukrayna,Todaypress.az,