NYT: Trampın xarici siyasəti Qərbi iki hissəyə parçaladı
ABŞ prezidenti Donald Tramp administrasiyasının xarici siyasəti Qərb dünyasında dərin parçalanmalara səbəb olub.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” (NYT) analitiklərinin hazırladığı məqalədə qeyd olunub.
Bildirilib ki, Tramp prezidentliyinin bir neçə ayı ərzində ABŞ-nin beynəlxalq münasibətlərdəki ənənəvi yanaşmalarını kökündən dəyişən addımlar atıb.
Nəşr qeyd edib ki, Tramp administrasiyası müttəfiq ölkələrə qarşı tarif təhdidləri irəli sürüb, xarici yardım proqramlarını ləğv edib və bir sıra media qurumlarının fəaliyyətini məhdudlaşdırıb.
Məqalədə xüsusi diqqət Ağ Evdə Oval ofisdə yaşanan hadisəyə ayrılıb. Belə ki, Tramp Kiyev rejiminin rəhbəri Zelenskini sərt şəkildə tənqid və təhqir edib, həmçinin müvəqqəti olaraq Ukraynaya yardımı və kəşfiyyat məlumatları mübadiləsini dayandırıb.
Vurğulanıb ki, ABŞ-nin BMT-də keçirilən səsvermədə Ukrayna ilə bağlı qətnaməyə qarşı Rusiya, Şimali Koreya və Belarusla birlikdə çıxış etməsi simvolik hadisəyə çevrilib.
Tramp eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə dialoqa açıq olduğunu nümayiş etdirir və onu potensial tərəfdaş kimi qəbul edir.
Ekspertlər “Tramp doktrinası” adlandırılan yeni xarici siyasət yanaşmasını vurğulayırlar. Bu doktrinanın əsasını nüvə dövlətlərinin güc dominantlığı prinsipi təşkil edir. Belə yanaşma xüsusilə ABŞ-nin dəstəyinə bel bağlayan Şərqi Avropa və Asiyanın kiçik ölkələri üçün ciddi problemlər yaradır.
“Hazırda Qərb dünyası iki hissəyə bölünüb. ABŞ ilə talelərini bağlamış kiçik ölkələr geosiyasi tələyə düşüblər. Xüsusilə Ukrayna üçün Trampın son addımları və açıqlamaları az qala ekzistensial təşviş yaradıb” deyə məqalədə yazılıb.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Qərb,Parçalanma,Todaypress.az,