“Oskar” mükafatlı fələstinli rejissor saxlanıldı

Dünya

25.03.2025 15:56

1052

İsrail ordusu “Başqa torpaq yoxdur” adlı sənədli filmin rejissoru, “Oskar” mükafatı laureatı Həmdan Ballalı İordan çayının qərb sahilində yerləşən Susiya qəsəbəsində saxlayıb.

TodayPress “Associated Press” agentliyinə istinadla xəbər verir ki, Balal saxlanmazdan əvvəl yəhudi yaşayış məntəqəsinin sakinləri tərəfindən döyülüb. 

Hadisənin şahidlərinin sözlərinə görə, onunla birlikdə daha iki fələstinli də saxlanılıb.

Rejissorun vəkili Lea Tsemel bildirib ki, İsrail polisi Ballalın hazırda hərbi bazada saxlanıldığını və ona tibbi yardım göstərildiyini deyib.

Lakin vəkil müştərisi ilə əlaqə qura bilmədiyini və onun dəqiq yeri barədə əlavə məlumata malik olmadığını qeyd edib. Fələstinli rejissor və hadisənin şahidi Bezel Adra isə bildirib ki, təxminən 20-yə yaxın silahlı və maskalı yəhudi məskunlaşan şəxs Susiya qəsəbəsinə hücum edib:

“Biz “Oskar” mükafatının təqdimat mərasimindən qayıtdıqdan bəri hər gün hücuma məruz qalırıq” deyə Adra bildirib. 

Onun fikrincə, bu hadisə “Başqa torpaq yoxdur” filminə görə edilən “cəzalandırma aktıdır”. İsrail ordusunun nümayəndələri isə “AP”yə bildiriblər ki, saxlanılan fələstinlilər ordunun nümayəndələrinə daş atmaqda şübhəli bilinir və buna görə dindiriləcəklər. 

Qeyd edək ki, 2 mart 2024-cü ildə fələstinli və israilli rejissorların birgə işi olan “Başqa torpaq yoxdur” sənədli filmi “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” mükafatına layiq görülmüşdü.

Film İordan çayının qərb sahilindəki israilli məskunlaşmalar və fələstinlilərin bu fəaliyyətə qarşı mübarizəsindən bəhs edir.

İsrailin mədəniyyət naziri Miki Zoar filmin mükafatlandırılmasını “kino sənəti üçün kədərli an” adlandırmış və onun beynəlxalq ictimaiyyətdə İsrailin imicini təhrif etdiyini iddia etmişdi.

Qiymət Mahir

tag: Həmdan Ballal,Fələstin,Rejissor,Saxlanılma,Todaypress.az,