Özbəkistanda qaz yatağında sızma baş verdi
Özbəkistanın Sürxandərya vilayətində yerləşən “Müstəqilliyin 25 ili” adlı iri təbii qaz yatağında hidrogen sulfid (H₂S) qazının yüksək təzyiqlə sızması qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Hadisə qaz yatağının 202 saylı quyusunda baş verib və nəticədə qaz fontanı yenidən aktivləşib.
Qurumun açıqlamasında bildirilir ki, qazın atmosferə nəzarətsiz yayılmasının qarşısını almaq məqsədilə mütəxəssislər qaz axınının nəzarətli yandırılmasını həyata keçiriblər.
“Bütün tədbirlər təhlükəsizlik qaydalarına tam riayət olunmaqla icra edilir. Hadisə baş verən ərazi aidiyyəti qurumlar tərəfindən mühafizə altındadır və 24 saatlıq nəzarətdə saxlanılır” deyə nazirlik qeyd edib.
Rəsmi məlumatda vurğulanıb ki, hadisə yaxınlıqda yaşayan əhali üçün heç bir təhlükə yaratmır.
Qiymət Mahir
tag: Özbəkistan,Qaz,Hidrogen sulfid,Sürxandərya ,todaypress.az,