Pakistan sıfır tullantı cəmiyyətinə keçidə çağırır
Pakistanın Baş naziri Şahbaz Şərif martın 30-u bildirib ki, ölkəsi tullantı çirklənməsinin qarşısını almaqla ətraf mühiti, ictimai sağlamlığı və milli iqtisadiyyatı qorumaqda qərarlıdır.
TodayPress xəbər verir ki, bu bəyanat Beynəlxalq Sıfır Tullantı Günü münasibətilə səsləndirilib.
“Tullantı çirklənməsi təcili həll olunmalı böhrandır. Biz “istifadə-et-çıxart” prinsipi ilə çalışan köhnə iqtisadi modeldən imtina etməli və tullantıların azaldılması və resurslardan səmərəli istifadəni əsas götürən dairəvi modelə keçməliyik” deyə Şərif vurğulayıb.
O, qeyd edib ki, sürətli urbanizasiya və sənaye artımı fonunda Pakistan davamlı tullantı idarəetmə sistemlərini tətbiq etməlidir. Xüsusilə plastik və təhlükəli tullantılar çaylara, poliqonlara və havaya zərər verir, iqlim dəyişikliyini daha da sürətləndirir. Bu sahədə hökumət bir dəfə istifadə olunan plastiklərin qadağan edilməsi, bioloji parçalanan alternativlərin təşviqi və təkrar emal təşəbbüslərinin genişləndirilməsi kimi tədbirlər görür.
Şahbaz Şərif həmçinin “istehsalçının genişlənmiş məsuliyyəti” prinsipinin tətbiqini vacib sayaraq bildirib ki, bu, məhsulların istehsal və qablaşdırma mərhələsində tullantıların idarə edilməsini birbaşa planlaşdırma imkanı verir.
O, İnd çay hövzəsinin bərpası, çirklənmənin azaldılması və “Təmiz Yaşıl Pakistan” hərəkatı kimi təşəbbüsləri də qeyd edib və bu kampaniyaların yerli icmaları tullantıların idarəsində daha fəal rol almağa təşviq etdiyini vurğulayıb.
Baş nazir hökumət, vətəndaşlar, biznes qurumları və əyalət administrasiyalarını tullantı yığımının gücləndirilməsi, təkrar emal imkanlarının artırılması və yaşıl sahibkarlıq sahəsində innovasiyaların təşviqinə çağırıb.
“Bütün addımlar önəmlidir. Gələcək nəsillərimiz üçün daha sağlam bir planet naminə sıfır tullantı reallığına birlikdə nail olaq” deyə Şahbaz Şərif əlavə edib.
Qiymət Mahir
tag: Pakistan,Şahbaz Şərif,Tullantı,Cəmiyyət,todaypress.az,