Pakistanda kanalizasiya nümunələrində poliovirus aşkarlandı
Pakistanda poliovirusun yayılması ilə bağlı narahatlıqlar artır. Ölkənin 18 rayonunda kanalizasiya nümunələrində vəhşi poliovirus tip 1 (WPV1) aşkarlanıb.
TodayPress xəbər verir ki, bu barədə Pakistanın Poliomielitlə Mübarizə Proqramının rəsmi saytında yerləşdirilən və Milli Səhiyyə İnstitutunun Regional Polio Referans Laboratoriyasının apardığı test nəticələrinə əsaslanan hesabatda qeyd olunur.
Virusun izləri 21 fevral – 6 mart tarixləri arasında toplanmış nümunələrdə tapılıb.
Bu, ölkədə poliovirusun hələ də aktiv dövriyyədə olduğunu göstərir.
Açıqlamada bildirilib ki, poliovirusa nəzarət sisteminin əhatə dairəsi 2021-ci ildəki 65 nöqtədən 2025-ci ildə 127 nöqtəyə qədər genişləndirilib. Məqsəd, virusun ən ucqar ərazilərdə belə aşkar olunmadan yayılmasının qarşısını almaqdır.
Proqram çərçivəsində həyata keçirilən gücləndirilmiş peyvənd strategiyası 2024-cü ilin sentyabrından bəri poliovirus hallarının sayında ardıcıl azalma ilə nəticələnib.
Bununla belə, 2025-ci ilin əvvəlindən bu günədək ölkədə altı yeni poliovirus hadisəsi qeydə alınıb.
Poliomielitlə Mübarizə Proqramı valideynləri uşaqlarını hər peyvənd kampaniyasında iştirak etdirməyə çağırıb.
Açıqlamada vurğulanıb ki, bu xəstəlikdən qorunmağın yeganə yolu məhz peyvəndlənmədən keçir.
Qiymət Mahir
tag: Pakistan,Kanalizasiya,Poliavirus,Xəstəlik,Todaypress.az,