Parisdə Le Penə dəstək aksiyası keçirilir

Dünya

06.04.2025 20:15

21

Parisdə "Milli Birlik" partiyasının parlamentdəki fraksiyasının lideri Marin Le Penə dəstək məqsədilə mitinq keçirilir.

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Bildirilir ki, günorta saat ikidən etibarən nümayişçilər Vauban meydanına toplaşmağa başlayıblar və Fransa bayraqları qaldırıblar.

Agentliyin müxbiri xəbər verir ki, aksiyada hər yaşdan olan insan iştirak edib. O, həmçinin bildirib ki, “Gənclik Marinlə!” yazısı olan böyük ekranlar meydanda səhnənin yaxınlığında quraşdırılıb. Bəzi etirazçılar Fransa prezidenti Emmanuel Makronu istefaya çağırmağa başlayıblar. 

Le Pen mitinqə əvvəlcədən avtomobillə, mühafizəçilərin müşayiəti ilə gəlib. Partiya lideri Jordan Bardella Le Penin məhkum edildiyi günün "tarixdə qara gün olaraq qalacağını" deyib və məhkəmənin siyasətçiyə qarşı qərarını birbaşa demokratiyaya hücum və milyonlarla vətənpərvər fransız xalqına ziyan vurmaq adlandırıb. 

"Bu qərar mənim xalqımı, ölkəmi və şərəfimi tapdaladı! İstəyirəm ki, hamı bilsin: mən təslim olmayacağam. Bizə qarşı keçirilən məhkəmə prosesinin siyasi fonunu vurğulamaqdan çəkinmirəm. Bu, məhkəmə qərarı deyil. Bu, siyasi qərardır, siyasətçilər üçün ovdur!" deyə Le Pen bildirib. 

Xatırladaq ki, martın 31-də məhkəmə Le Peni deputat köməkçilərinin işi üzrə təqsirli bilib. O, dörd il müddətinə azadlıqdan məhrum edilib, beş il müddətinə dövlət vəzifələrində işləmək qadağan edilib. 

Töhfə Səməd

tag: Paris,Milli Birlik,Marin Le Pen,Aksiya,Mitinq,todaypress.az,