Paşinyan: “Aİ ilə münasibətlərimizi gücləndirmək istəyirik”

Dünya

23.01.2025 17:52

1099

Ermənistan Baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumunda panel müzakirəsində bir sıra açıqlamaları ilə diqqət çəkib. 

TodayPress yerli mediaya istinadən xəbər verir ki, o, qeyd edib ki, hazırda Ermənistan Avropa İttifaqı ilə hərtərəfli və geniş tərəfdaşlıq sazişini aktiv şəkildə həyata keçirir və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirir:

“Şübhəsiz ki, Avropa İttifaqı ilə münasibətlərimizi gücləndirmək istəyirik. Bununla yanaşı, müxtəlif regional formatlarda iştirak edirik. Lakin biz təkcə regionumuzda deyil, qlobal səviyyədə də bu vəziyyəti dəyişmək niyyətindəyik. Ticarət yollarını yaxşılaşdırmaq və sülhü təmin etmək üçün layihəmizi təqdim etdik. Bu layihələrin həyata keçirilməsi Ermənistan vasitəsilə yeni ticarət yollarının açılmasına səbəb olacaq və Avropa İttifaqına da fayda gətirəcək. Lakin bu layihənin reallaşdırılması yalnız Azərbaycanla davamlı sülhün təmin olunmasından asılıdır. Təəssüf ki, hələlik bu baş verməyib. Beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacımız var və ümid edirəm ki, bu dəstək göstəriləcək”.

Paşinyan vurğulayıb ki, Rəsmi İrəvan heç bir tərəfə həddindən artıq bağlı olmaq istəmir – nə Avropa İttifaqı, nə Rusiya ilə münasibətlər, nə də digər regional güclər baxımından:

“İranla əlaqələrimiz də vacibdir və qeyd etdiyim kimi, Türkiyə və Azərbaycanla diplomatik əlaqələr qurmaq üzərində aktiv şəkildə işləyirik. Əlbəttə, bu asan deyil, amma digər tərəfdən, mən bunun mümkünsüz olduğunu düşünmürəm”.

Günəş Mərd

tag: Ermənistan ,Baş nazir,Nikol Paşinyan,Davos İqtisadi Forumu,todaypress.az,