Pekin Çin mallarına gömrük rüsumlarının artırılmasına etiraz etdi

Dünya

04.03.2025 11:23

2306

Çin ABŞ prezidenti Donald Tramp administrasiyasının Çin mallarına tətbiq olunan gömrük rüsumlarını 20%-ə qədər artırmaq qərarına sərt etiraz edib. 

TodayPress xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin nümayəndəsi bəyanat yayıb.

“Çin bundan son dərəcə narazıdır və qəti şəkildə etiraz edir. Pekin öz hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün əks tədbirlər görəcək” deyə nazirlik rəsmisi bildirib.

Bəyanatda vurğulanıb ki, Çin narkotiklərlə mübarizəyə xüsusi diqqət yetirir və bu sahədə ABŞ ilə əməkdaşlıq çərçivəsində mühüm uğurlar əldə olunub. Lakin Vaşinqton fentanil problemi ilə bağlı Pekini günahlandıraraq Çin mallarına əlavə rüsumlar tətbiq edib.

“ABŞ-nin bu yanaşması, faktları, beynəlxalq ticarət qaydalarını və digər tərəflərin fikirlərini nəzərə almır. Bu, açıq şəkildə birtərəfliliyin və kobud təzyiq siyasətinin nümunəsidir” deyə Çin Ticarət Nazirliyinin nümayəndəsi əlavə edib.

Pekin Vaşinqtonu digər ölkələrin hüquq və maraqlarına hörmət etməyə və Çin mallarına qarşı qəbul etdiyi birtərəfli tarif qərarlarını dərhal ləğv etməyə çağırıb.

Xatırladaq ki, Tramp Çin mallarına tətbiq olunan gömrük rüsumlarını 10%-dən 20%-ə qaldıraraq, Pekinin ABŞ-dəki narkotik qaçaqmalçılığı ilə mübarizədə lazımi addımlar atmadığını əsas gətirib.

Qiymət Mahir

tag: Çin ,ABŞ,Donald Tramp ,Tədarük,todaypress.az,