Peskov: “Rusiya ilə ABŞ arasında dərhal nəticə gözləmək real deyil”
“Rusiya və ABŞ arasında toplanmış problemlərin çoxluğu səbəbindən iki ölkə arasında keçirilən təmaslardan dərhal nəticə gözləmək düzgün olmazdı”.
TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “VGTRK” jurnalisti Pavel Zarubinlə söhbətində bildirib.
Peskov münasibətlərin hazırkı vəziyyətini “çox mürəkkəb və xeyli dərəcədə dərinləşmiş problemlərlə yüklənmiş” adlandırıb:
“İndi hansısa ani nəticələrə ümid bəsləmək mümkün deyil. Çünki çoxsaylı və illərlə yığılıb qalmış problemlərlə qarşı-qarşıyayıq”.
O vurğulayıb ki, Moskva və Vaşinqton hazırda münasibətləri normallaşdırmaq istiqamətində “səbirli və mərhələli” şəkildə irəliləyir:
“Bu yol uzun və çətindir. Əvvəlki administrasiya dövründə Rusiya-Amerika münasibətlərinə çox ciddi ziyan vurulub. Hazırda bu dağıntıların aradan qaldırılması üçün diqqətli və sistemli iş aparılır”.
Prezidentin sözçüsü, medianın və ictimaiyyətin münasibətlərin tezliklə normallaşacağına dair yüksək gözləntilərinə də münasibət bildirib:
“Cəmiyyətin və jurnalistlərin gözləntiləri həmişə maksimalist olur. Reallıq isə fərqlidir, vəziyyət daha mürəkkəbdir və daha çox vaxt və əmək tələb edir”.
Qiymət Mahir
tag: Rusiya,ABŞ,Peskov,Putin,todaypress.az,