Putin İranla imzalanan strateji tərəfdaşlıq sazişini parlamentə təqdim etdi
Rusiya prezidenti Vladimir Putin ölkəsinin İranla imzaladığı strateji tərəfdaşlıq sazişinin ratifikasiyası məsələsini Federal Məclisin müzakirəsinə təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi nəşr portalında məlumat verilib.
Sənəddə qeyd olunub ki, prezidentin nümayəndəsi qismində xarici işlər nazirinin müavini Andrey Rudenko təyin olunub və o, Federal Məclis qarşısında çıxış edəcək.
“Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında 17 yanvar 2025-ci ildə Moskva şəhərində imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Sazişin ratifikasiyası məsələsinə baxılması zamanı Rusiya prezidentinin rəsmi nümayəndəsi kimi Andrey Yuryeviç Rudenko təyin edilsin” deyə qeyd olunub.
Xatırladaq ki, sözügedən saziş yanvarın 17-də Kreml sarayında Rusiya və İran prezidentləri tərəfindən imzalanıb. Sazişin əhatə dairəsinə müdafiə, terrorla mübarizə, energetika, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələri daxildir.
Qiymət Mahir
tag: Rusiya,İran,Putin,Saziş,todaypress.az,