Qazaxıstanda məhkəmə ekspertizalarında yeni üsul tətbiq ediləcək

Dünya

26.02.2025 14:54

2366

Qazaxıstanda məhkəmə ekspertizası metodlarının təkmilləşdirilməsi planlaşdırılır. Xüsusilə, “virtual autopsiya” (virtual yarılma) adlanan yeni texnologiya tətbiq ediləcək ki, bu da meyitlərin yarılmadan müayinəsinə imkan verəcək. 

TodayPress xəbər verir ki, bu barədə ədliyyə naziri Erlan Sarsembayev hökumət iclasında məlumat verib.

“Virtual autopsiyanın mahiyyəti kompüter tomoqrafiyasından istifadə etməklə meyitlərin tədqiqindən ibarətdir. Bu üsul məcburi yarılmadan imtina etməyə və bununla da milli və dini ənənələrlə bağlı ziddiyyətləri aradan qaldırmağa kömək edəcək” deyə nazir bildirib.

Bununla yanaşı, məhkəmə ekspertizalarının aparılması üçün ekspertlərin və dövlət orqanlarının hərəkətlərini addım-addım tənzimləyən prosedurlar hazırlanacaq. Nazirə görə, bu yanaşma ekspertiza müddətini qısaldacaq, lazımsız araşdırmaların sayını azaldacaq və onların keyfiyyətini artıracaq.

Sarsembayev həmçinin ekspertizaların şəffaflığını artırmaq üçün avtomatlaşdırma işlərinin aparılacağını bildirib. İlkin mərhələdə iki-üç sadə ekspertiza avtomatlaşdırılacaq.

Nazirin sözlərinə görə, “E-saraptama 2.0” adlı yeni informasiya sisteminin hazırlanması planlaşdırılır. Bu sistem süni intellektdən istifadə edəcək və digər informasiya sistemləri və avadanlıqlarla inteqrasiya imkanına malik olacaq.

“Yeni sistem ekspertin addımlarını izləməyə, mümkün sapmaları aşkarlamağa və insan faktorundan qaynaqlanan səhvləri istisna etməyə kömək edəcək” deyə Sarsembayev əlavə edib.

Qiymət Mahir

tag: Qazaxıstan,Məhkəmə,Ekspertiza,Erlan Sarsembayev,todaypress.az,