Qəzzada aclıq dərinləşir: Əraziyə humanitar yardım buraxılmır

Dünya

30.03.2025 18:05

1533

Qəzza zolağında yaşayan fələstinlilər İsrailin humanitar yardımları əraziyə buraxmaması səbəbindən ciddi aclıq təhlükəsi ilə üz-üzə qalıb. 

TodayPress xəbər verir ki, bu barədə “Al Jazeera” Qəzza hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qurumun sözçüsü İsmayıl əl-Tavabta bildirib ki, ərzaq və zəruri ehtiyac malları təxminən bir aydır Qəzzaya çatdırılmır: 

“Söhbət təxminən 20 min humanitar yardım yük maşınından gedir. Lakin İsrail onların heç birini keçirməyib”.

Əl-Tavabta əlavə edib ki, İsrail ordusu 2000-ə yaxın yanacaq daşıyan yük maşınının da əraziyə daxil olmasına icazə verməyib. Nəticədə Qəzza zolağının müxtəlif yerlərində çörək zavodları kütləvi şəkildə fəaliyyətini dayandırmağa başlayıb. 

“Biz Qəzzada yaşanan qida çatışmazlığı və aclığın məsuliyyətini ABŞ administrasiyası və İsrail ordusunun üzərinə qoyuruq” deyə Tavabta vurğulayıb.

O, beynəlxalq ictimaiyyətə çağırış edərək Qəzza ilə sərhəddəki keçid məntəqələrinin açılmasını tələb edib.

Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyi bir qədər əvvəl Qəzzada qan banklarının tükənmək üzrə olduğunu və xəstəxanalarda donor qan çatışmazlığının kəskinləşdiyini açıqlamışdı.

Qiymət Mahir

tag: Qəzza,Aclıq,Yardım,İsrail,Fələstin,todaypress.az,