Qəzzada ölənlərin sayı artdı
Qəzza zolağının şimal və cənub hissələrində yenidən başlayan qarşıdurmalar nəticəsində ölənlərin sayı 70-i keçib.
TodayPress xəbər verir ki, bu barədə "Al-Jazeraa" məlumat yayıb.
Bildirilib ki, zolağın cənub hissəsində yerləşən Beyt Lahiya, Xan Yunis və Rəfah şəhərlərinə aviazərbələr və atəşlər nəticəsində 71 nəfər həlak olub.
Onlarla fələstinli yaralanıb, bir çoxu isə itkin düşüb.
Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında atəşkəsin pozulduğunu və qarşıdurmanın yenidən alovlandığını elan edib.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib.
Hərəkat nümayəndələri hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni günahlandırıblar.
Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, martın 18-də anklavda eskalasiyanın yeni mərhələsi nəticəsində 436 nəfər ölüb, 678 nəfər yaralanıb.
Töhfə Səməd
tag: Qəzza,İsrail,Ölüm,Artım,Todaypress.az,