Qəzzanın bərpasına 53 milyard dollarlıq dəstək – Avropa və ərəb dövlətlərindən tarixi plan!
Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın xarici işlər nazirləri ərəb dövlətlərinin dəstəklədiyi və Qəzzanın bərpası üçün nəzərdə tutulmuş 53 milyard dollarlıq planı dəstəklədiklərini bildiriblər. Planın əsas məqsədi fələstinlilərin bölgədən köçürülməsinin qarşısını almaqdır.
Todaypress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə martın 8-də xarici işlər nazirləri birgə bəyanat yayıb.
“Plan Qəzzanın bərpası üçün real yol xəritəsi təqdim edir və həyata keçirilsə, Qəzzada yaşayan fələstinlilərin fəlakətli həyat şəraitinin sürətli və dayanıqlı şəkildə yaxşılaşdırılmasına töhfə verəcək” deyə bəyanatda vurğulanıb.
Nazirlər bəyan edib ki, HƏMAS nə Qəzzanı idarə etməli, nə də İsrail üçün təhlükə yaratmalıdır: “Prosesə qoşulan tərəflərin ciddi səylərini alqışlayır və ərəb dövlətlərinin bu bərpa və yenidənqurma planını birlikdə hazırlayaraq verdikləri mühüm siqnalı yüksək qiymətləndiririk”. Bildirilib ki, plan Misir tərəfindən hazırlanıb və bu ayın əvvəlində ərəb liderləri tərəfindən qəbul edilib. Lakin ABŞ prezidenti Donald Tramp və İsrail bu təşəbbüsü rədd ediblər. Bununla belə, Vaşinqtondan gələn mesajlar ziddiyyətli olub.
Sözügedən plan Trampın irəli sürdüyü və beynəlxalq miqyasda ciddi etiraz doğuran təklifə alternativ olaraq hazırlanıb. Tramp ABŞ-nin Qəzzanı ələ keçirməli və buranı Orta Şərqin Rivierasına çevirməli olduğunu, eyni zamanda fələstinlilərin Misir, İordaniya və ya digər ölkələrə köçürülməli olduğunu bildirmişdi.
Qeyd edək ki, ərəb dövlətlərinin planına əsasən, Qəzzanı altı ay müddətində müstəqil texnokratlar komitəsi idarə edəcək, daha sonra isə nəzarət Fələstin Administrasiyasına təhvil veriləcək. Trampın təklifindən fərqli olaraq planın əsas məqsədi fələstinlilərin ərazidə qalmasını təmin edərək bölgənin yenidən qurulmasını həyata keçirməkdir.
tag: Almaniya,Fransa,İtaliya,Böyük Britaniya,İsrail,Qəzza,Yaxın Şərq,TodayPRESS,todaypress.az,