Qəzzaya yardımın çatdırılması bərpa oluna bilər

Dünya

28.04.2025 10:20

14

İsrail rəsmiləri Qəzza zolağına humanitar yardımın bərpası yollarını müzakirə edir və bu prosesin uzun çəkəcəyini bildirirlər.

TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Hazırda əsas sərhəd keçidləri bağlıdır və BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) xəbərdarlığına görə, Qəzzada ərzaq ehtiyatları tükənmək üzrədir.

Son yeddi həftə ərzində humanitar və kommersiya yüklərinin Qəzzaya girişinə imkan verilməyib. Nəticədə bölgədə aclıq və humanitar böhran dərinləşib.

Nəşrin məlumatına görə, İsrail rəsmiləri təchizatın necə və hansı mexanizmlə bərpa olunacağına dair müxtəlif planları nəzərdən keçirir. Bəzi rəsmilər İsrailin yardımın paylanması prosesində daha fəal iştirak etməsini təklif edir. Bu çərçivədə Qəzzanın cənubunda yeni humanitar zonanın yaradılması və burada əhalinin müvəqqəti yerləşdirilməsi planı müzakirə olunur.

Həmçinin, bu prosesə Amerikanın özəl şirkətlərinin cəlb edilməsi də gündəmdədir. Məqsəd yardımların effektiv və təhlükəsiz şəkildə bölgəyə çatdırılmasını təmin etməkdir.

Türkan İsgəndərli

tag: İsrail,Qəzza,Yardım,Fələstin,todaypress.az,