QİÇS-dən ölüm halları arta bilər

Dünya

17.02.2025 14:30

2282

“ABŞ Prezidenti Donald Trampın xarici yardımı dayandırmaq qərarı milyonlarla insanın QİÇS-dən ölümünə səbəb ola bilər”. 

TodayPress xəbər verir ki, bunu BMT-nin QİÇS-lə Mübarizə Proqramının (UNAIDS) rəhbəri Vinni Byanyima bildirib.

Yanvarda hakimiyyətə qayıdan Tramp ABŞ-nin xarici yardımının böyük hissəsini üç ay müddətinə dondurmaq qərarı verib.

Bu addım beynəlxalq humanitar təşkilatları çətin vəziyyətə salıb. “Bu yardımların davam etməsi həyati əhəmiyyət daşıyır. Əgər dayandırılarsa, insanlar öləcək” deyə Biyanima xəbərdarlıq edib.

Dondurma qərarına ABŞ-nin QİÇS-lə mübarizə üzrə prezident proqramı (PEPFAR) da daxil olub. Lakin sonradan administrasiya bu proqram çərçivəsində dərman tədarükünü istisna edib.

QİÇS Araşdırma Fondu (amfAR) hesablamalarına görə, proqram 20 milyondan çox HİV xəstəsinə və 270 min tibb işçisinə dəstək verir. “Beş il ərzində ölüm hallarının 6,3 milyona çatması və yoluxma hallarının 8,7 milyona yüksəlməsi mümkündür”  deyə Byanyima bildirib. ABŞ hökuməti bəyan edib ki, dondurma həyati əhəmiyyətli dərmanlara şamil olunmayacaq.

Lakin Afrikada səhiyyə sahəsində çalışan mütəxəssislər bir sıra tibb mərkəzlərinin artıq bağlandığını bildiriblər.

Qiymət Mahir

tag: QİÇS,BMT,Tramp,Ölüm,Todaypress.az,