Qırğızıstanı sel basdı

Dünya

25.03.2025 11:56

1112

Qırğızıstanda güclü yağışlar və qar örtüyünün intensiv əriməsi səbəbindən ölkənin bir neçə bölgəsində sel baş verib, yaşayış məntəqələri su altında qalıb. 

TodayPress ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Narın vilayətində qarın əriməsi nəticəsində sel axınları meydana gəlib.   

Xilasedicilər Taldi-Suu kəndinin cənub hissəsində çayın yatağını operativ şəkildə bağlamağa nail olublar.

Hazırda ərazidə daşqın sularının istiqamətinin dəyişdirilməsi üzrə işlər aparılır. 

Bundan əlavə, At-Başı rayonunda sel təhlükəsi olan At-Başı - Özgörüş avtomobil yolunun ayrı-ayrı hissələrində qabaqlayıcı tədbirlər həyata keçirilib. Ak-Suy rayonunun Sovetski kəndində də sel axını qeydə alınıb. Kanal suyunun daşması nəticəsində kənd ərazisi ilə yanaşı, Qırğızıstan-Qazaxıstan sərhədindəki keçid məntəqəsi də su altında qalıb. 

Operativ məlumatlara görə, Cəlalabad vilayətində intensiv yağışlar səbəbindən Janı-Bazar, Ayqır-Cal və Kuruluş kəndlərində həyət və yolları su basıb.

Çuy vilayətinin Jayıl rayonunda isə güclü yağış və istiləşmə fonunda qar örtüyünün sürətlə əriməsi nəticəsində Suusamır kənd dairəsinin Qaysar kəndi zərər görüb.

Bundan əlavə, eyni vilayətin İbrahimov kənd dairəsinin Arpa-Tekir kəndində evlərin su altında qalması ilə bağlı məlumat daxil olub.

Hazırda təbii fəlakət zamanı dəyən zərərin aradan qaldırılması üzrə işlər davam edir.

Qiymət Mahir

tag: Qırğızıstan,Sel,Daşqın,Təbii Fəlakət,Todaypress.az,