“Qrenlandiya qrenlandiyalılara məxsusdur”

Dünya

24.03.2025 13:00

2031

“Həmin gün bütün Nuuk birləşmişdi!” 

TodayPress xəbər verir ki, bu sözləri Qrenlandiya parlamentindəki ikinci ən böyük partiya olan “Naleraq”ın üzvü Qustav Petersen martın 15-də keçirilən ABŞ əleyhinə etiraz aksiyasını təsvir edərkən deyib.

Petersen vurğulayıb ki, o, heç vaxt qrenlandiyalıları birləşdirən amilin ABŞ-yə qarşı etiraz olacağını düşünməyib. 

Dünyanın ən böyük adası və Danimarkanın muxtar ərazisi olan Qrenlandiya, ABŞ prezidenti Donald Trampın adaya yenidən ərazi iddiası irəli sürməsinə qarşı nadir hallarda baş verən genişmiqyaslı etiraz aksiyasına şahidlik edib.

Yerli mediaya görə, cəmi 15,000 nəfərlik əhalisi olan Nuuk şəhərində keçirilən etiraz aksiyasında 1000-dən çox insan iştirak edib.

Etirazçılar “Biz satılmırıq”, “Qrenlandiya qrenlandiyalılara məxsusdur” və “Amerika çəkilib getsin” kimi şüarlar yazılmış plakatlar qaldıraraq şəhər mərkəzindən ABŞ-nin Nuukdakı Konsulluğuna qədər yürüş ediblər.

Petersen bildirib ki, martın 11-də keçirilən parlament seçkilərində siyasi baxışlar fərqli olsa da, hamının razılaşdığı bir məqam olub:

“Biz amerikalı olmaq istəmirik! ABŞ Qrenlandiyanı istədiyi vaxt ala biləcəyi bir mal kimi görməməlidir”. 

Xatırladaq ki, etiraz aksiyasına səbəb Donald Trampın Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə görüşündə Qrenlandiyanı nəzarətə almaq istəyini yenidən dilə gətirməsi olub. 

Qiymət Mahir

tag: Amerika,Qrenlandiya,todaypress.az,Danimarka,Donald Tramp,